ATİAHİ Nərimanov rayon komitəsinin xidmətinə daxil olan təşkilatlarda Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımlar, etnik təmizləmə siyasətindən danışılıb, qan yaddaşımız olan Xocalı faciəsi qurbanları anılıb. Belə ki, R.Nəsrəddinov adına 39 № li tam orta məktəbdə 25 fevral 2022-ci il tarixində keçirilən tədbirdə Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı qətliamının bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğu bildirilib.
Tədbirə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu, Xocalı sakini, Vətən müharibəsi şəhidi Ruslan Cəfərovun anası Alimə xanım, Vətən müharibəsi şəhidi Baş leytenant Harun Alqayevin atası Məhəmməd Alqayev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, sabiq döyüşçü İslam Ələkbərov dəvət olunmuşlar. Şəhid valideynlərinin hər biri çıxış edərək övladlarının keçdiyi döyüş yolundan şagirdlərə danışaraq onların həyatının gələcək nəsillərə örnək olduğunu bildirdilər.
36, 45, 57, 82, 177, 178, 193 № li tam orta məktəblərdə, “Ankara Məktəbi” məktəb-liseydə, “Tərəqqi” texniki-humanitar liseyində, Bakı Kompüter Peşə liseyində, Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 № li Respublika internat məktəbində keçirilən tədbirlərdə şagirdlərin təqdimatında işğaldan əvvəlki Xocalının qədim tarixi haqqında ətraflı məlumat verilib, Xocalı faciəsinin xronikası və statistik məlumatlar səsləndirilib.