Əlavələr və dəyişikliklərlə 6 dekabr 2005-ci ildə
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin XV Konfransında təsdiq olunub

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL
İŞÇİLƏRİ AZAD HƏMKARLAR İTTİFAQININ
N İ Z A M N A M Ə S İ

(5-ci redaksiyada)

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahə üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının  ümumrespublika birliyidir.
1.2. İttifaqın fəaliyyətində könüllülük, bərabərlik və şəffaflıq əsas prinsiplərdir.
1.3. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.
1.4. İttifaq öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanununa, həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan qanunvericilik aktlarına və bu Nizamnaməyə əsasən həyata keçirir.
1.5. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil və onlara hesabat vermir.
1.6. İttifaq beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
1.7. İttifaqın hüquqi  ünvanı: Bakı şəhəri, Gənclər meydanı, 3.
1.8. İttifaq 10 iyun 1992-ci il tarixdə 186 nömrə ilə Ədliyyə Nazirliyində «Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı» adı ilə dövlət qeydiyyatına alınmışdır.

II. İTTİFAQIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. İttifaqın məqsədi ölkəmizin təhsil sistemində fəaliyyət göstərən dövlət və özəl müəssisələrin, təşkilatların, ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin işçilərinin, tələbələrinin, aspirantlarının (bundan sonra təhsil işçiləri adlanacaq) əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdən ibarətdir.
2.2. İttifaqın əsas vəzifələri:
•    təhsil işçilərinin mənafelərini və həmkarlar ittifaqının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik, icra və məhkəmə orqanlarına müraciət etmək;
•    təhsil işçilərinin əmək və məişət şəraitinin yaxşılaşdırılmasına, üzvlərinin sağlamlığının möhkəmləndirilməsinə dair təkliflər vermək;
•    məşğulluğa dair dövlət siyasətinin həyata keçirilməsinə kömək etmək;
•    kollektiv danışıqlar aparmaq, işəgötürənlər, icra hakimiyyəti orqanları qarşısında öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını müdafiə etmək məqsədi ilə tələblər qoymaq  və məhkəməyə müraciət etmək;
•    işəgötürənlər və icra hakimiyyəti orqanları ilə sahəyə aid razılaşmalar əldə etmək; sahə (tarif) kollektiv sazişi bağlamaq və kollektiv sazişə, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət etmək;
•    fərdi əmək mübahisələrinin qanunvericilik çərçivəsində həll olunmasına köməklik etmək, kollektiv əmək mübahisələrinə baxılmasında iştirak etmək;
•    üzvlərin sağlamlığının möhkəmləndirilməsinə qayğı göstərərək pensiya təminatının, sanatoriya-kurort müalicəsinin və istirahətlərinin təşkilində onlara köməklik göstərmək;
•    xarici ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə əlaqələr, təcrübə və məlumat mübadiləsini təşkil etmək, ümumrespublika həmkarlar ittifaqı hərəkatı barədə ittifaq üzvlərinə məlumat vermək;
•    dövlət orqanlarında, işəgötürənlərin təşkilatlarında, ictimai və siyasi təşkilatlarda öz üzvlərinin qanuni hüquq və mənafelərini müdafiə etmək;
•    ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən ekoloji faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin həyata keçirilməsinə kömək etmək;
•    üzvlərinin sağlamlığının möhkəmləndirilməsinə qayğı göstərmək, sosial sığortadan səmərəli istifadə olunmasına dair təkliflər vermək, tibbi sığortanın, sanatoriya-kurort müalicəsinin, istirahətin, turizmin, bədən tərbiyəsi və idmanın inkişafına yardım etmək;
•    həmkarlar ittifaqı təşkilatlarının həmrəyliyini gücləndirmək və inkişaf etdirmək, həmkarlar ittifaqı üzvlərinə pulsuz əmək, sosial və digər hüquqi məsələlər üzrə məsləhətlər vermək, maddi yardım göstərmək;
•    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nizamnaməsi ilə nəzərdə tutulmuş hallarda onun qərarlarını yerinə yetirmək;
•    işçilərin və oxuyan gənclərin əmək, peşə, sosial, inkişaf proqramlarının hazırlanmasında və müzakirə olunmasında iştirak etmək.

III. İTTİFAQIN HÜQUQLARI

3.1. İttifaq aşağıdakı hüquqlara malikdir:
•    öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
•    öz təşkilati və maliyyə sərbəstliyini saxlayaraq ölkədə fəaliyyət göstərən digər həmkarlar ittifaqları və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq etmək, beynəlxalq həmkarlar ittifaqı təşkilatlarına daxil olmaq;
•    banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
•    müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
•    qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
•    özünün maliyyə vəsaitindən və digər əmlakından müstəqil istifadə etmək;
•    öz Nizamnaməsinə uyğun fəaliyyət proqramını hazırlamaq və təsdiq etmək;
•    öz strukturlarını müəyyənləşdirmək, rəhbər və idarəedici orqanlarını seçmək, fəaliyyətini təşkil etmək, iclaslar, konfranslar və  qurultaylar keçirmək;
•    əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak etmək;
•    Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

IV. İTTİFAQDA İDARƏÇİLİYİN ƏSAS PRİNSİPLƏRİ

4.1.  İttifaq öz fəaliyyətini və onun strukturuna daxil olan təşkilatlarla qarşılıqlı münasibətlərini aşağıdakı prinsiplər əsasında qurur:
•    üzvlüyün könüllülüyü;
•    üzvlərin bərabərliyi;
•     İttifaqa üzv olan ilk və ərazi həmkarlar ittifaqı təşkilatlarına metodiki rəhbərlik etmək və onların fəaliyyətini əlaqələndirmək;
•    İttifaqın nüfuzunun möhkəmləndirilməsi, ittifaq təşkilatlarının və onların seçkili orqanlarının məqsəd və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı kömək və  həmrəyliyin göstərilməsi;
•    bütün həmkarlar ittifaqı orqanlarının seçkili olması;
•    həmkarlar ittifaqı orqanlarına seçilənlərin şəxsi məsuliyyəti, seçkili orqanların, onların rəhbərlərinin yuxarı orqanlar qarşısında hesabatlı olması;
•     həmkarlar ittifaqı kadrlarının peşəkarlığının artırılması;
•    seçkili orqanların işində kollegiallıq, qəbul edilmiş qərarların və  tapşırıqların yerinə yetirilməsinə görə şəxsi məsuliyyət;
•    hər bir üzvün rəyinə hörmət, məsələlərin müzakirəsi zamanı diskussiyaların azadlığı və həmrəylik;
•    qərar qəbul olunarkən qanunun və nizamnamə tələblərinin aliliyi;
•     yuxarı orqanların qərarlarının yerinə yetirilməsinin aşağı orqanlar üçün məcburiliyi.


V. İTTİFAQIN TƏŞKİLATİ QURULUŞU, QƏRARLARIN QƏBULU

5.1. İttifaq peşə, ərazi və sahə prinsipi üzrə təşkil olunur. Müəssisə və təşkilatlarda işləyən və ya təhsil alan şəxslər birləşərək ilk həmkarlar ittifaqı təşkilatı yaradırlar.
5.2. İnzibati - ərazi (rayon, şəhər) vahidində yerləşən ilk həmkarlar ittifaqı təşkilatlarının, zəruri hallarda isə yuxarı həmkarlar ittifaqı orqanının təşəbbüsü ilə birləşərək rayon və şəhər həmkarlar ittifaqı komitələri yaradılır. Rayon və şəhər təşkilatları isə birləşərək həmkarlar ittifaqının  ümumrespublika ərazi birliyini yaradırlar.
5.3. Ərazi  həmkarlar ittifaqı komitələrinin sədrləri vəzifəsinə seçilmiş şəxslərin əsas iş yeri həmkarlar ittifaqı təşkilatı sayılır və onlar seçkiyə qədər tutduğu əvvəlki vəzifədən azad olunurlar.
5.4. Rəhbər orqanlara seçkilər gizli səsvermə yolu ilə keçirilir. Müvafiq qərar olduqda seçki açıq səsvermə yolu ilə də keçirilə bilər. Konfrans və qurultaya nümayəndələr də həmin qaydada seçilir.
5.5. Rəhbər orqanların seçilməsi qaydası iclas, konfrans və qurultay tərəfindən müəyyən olunur. Rəhbər vəzifələrə seçkilər zamanı çoxsaylı namizədlər irəli sürülə bilər.
5.6. Rəhbər orqanların vaxtından əvvəl geri çağırılması və seçilməsi üzvlərinin üçdə bir hissəsinin tələbi ilə keçirilə bilər.
5.7. Seçkili həmkarlar ittifaqı orqanının üzvləri, həmçinin ilk, rayon və şəhər həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri tutduqları vəzifədən səlahiyyət müddətləri qurtarmazdan əvvəl azad edilə bilərlər. Bu barədə qərar iclas, konfrans və qurultay iştirakçılarının sadə səs çoxluğu ilə qəbul olunur.
5.8. Bütün yığıncaqlar o zaman səlahiyyətli sayılır ki, iclaslarda ittifaq üzvlərinin səlahiyyətli nümayəndələrinin üçdə iki hissəsi iştirak etsin.
5.9. Seçkili həmkarlar ittifaqı orqanlarının üzvləri işdən çıxdıqda və ya iş yerini dəyişdikdə onlar açıq səsvermə və sadə səs çoxluğu ilə tərkibdən çıxarılırlar.
5.10.  Bu nizamnamədə müəyyən  olunmuş  istisnalar nəzərə alınmaqla konfrans, qurultay və seçkili orqanların iclaslarının qərarları yetərsay olduqda səsvermədə iştirak  edənlərin sadə səs çoxluğu ilə qəbul olunur.
5.11.  Həmkarlar ittifaqı orqanları qarşılarında duran vəzifələri yerinə yetirməkdən ötrü daimi və müvəqqəti komissiyalar yaradır, onların səlahiyyətini müəyyənləşdirirlər. Seçkili həmkarlar ittifaqı orqanlarının fəaliyyətini təmin etmək üçün müvafiq həmkarlar ittifaqı orqanına tabe olan aparat təşkil olunur.
5.12.  Ərazi həmkarlar ittifaqı komitələri ştat vahidlərini Respublika Komitəsinin razılığı  ilə müəyyən edirlər.

VI. İTTİFAQA ÜZVLÜK,
ÜZVLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

6.1. Mülkiyyət formasından asılı olmayaraq ölkədə fəaliyyət göstərən təhsil  müəssisələrində,  təşkilatlarda    işləyən   və   təhsil    alan,  habelə  həmin  sahədə    işləyib
pensiyaya çıxan, bu Nizamnaməni qəbul edən, ilk həmkarlar ittifaqı təşkilatının işində iştirak edən və üzvlük haqqı ödəyən hər bir şəxs həmkarlar ittifaqının üzvü ola bilər.
6.2. Üzvlüyə qəbul və xaric olunma fərdi qaydada, könüllülük prinsipi və  ərizə əsasında ilk həmkarlar ittifaqı təşkilatı tərəfindən həyata keçirilir.
6.3. Yığıncaqda iştirak edən ilk həmkarlar ittifaqı təşkilatı üzvlərinin yarıdan çoxu lehinə səs verərsə (yetərsay gözlənilmək şərti ilə) qərar qəbul edilmiş sayılır.
6.4. Üzvlük stajı üzvlüyə qəbul edilmə barədə qərarın verildiyi gündən hesablanır. Üzvlüyə qəbul edilmiş şəxsə üzvlük vəsiqəsi verilir.
6.5. Üzvlər əsas iş və ya təhsil yerinin ilk həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürülürlər. Digər sahə həmkarlar ittifaqında birləşən müəssisə, idarə, təşkilatdan yeni iş yerinə keçmiş işçilərin üzvlük stajı saxlanılır.
6.6. Üzvlük aşağıdakı hallarda da saxlanılır;
•    azyaşlı uşaqların tərbiyəsi ilə əlaqədar iş yerini müvəqqəti tərk etdikdə;
•    müvəqqəti işsiz qaldıqda;
•    həqiqi hərbi xidmətə çağırıldıqda;
•    səhhətinə və ya yaşına görə təqaüdə çıxarkən üzvlükdə qalmaq barədə yazılı müraciət etdikdə.
6.7. Üzvlər aşağıdakı hüquqlara malikdir:
•    işə qəbul olunması, başqa işə keçirilməsi, işdən azad olunması, əməyin ödənilməsi, məzuniyyət verilməsi, müvəqqəti əmək qabiliyyətini itirməyə və ya qocalığa görə pensiya ilə təmin olunması barədə, əməyin mühafizəsi qaydaları və normaları,  mənzil hüququ barədə qanunvericiliyin tələbləri pozularsa, müvəqqəti iş yerini itirərkən, müəssisənin ləğvi və müflis olması hallarında, digər qanuni hüquq və mənafeləri tapdanarsa həmkarlar ittifaqı orqanlarından hüquqlarının müdafiəsini tələb etmək;
•    həmkarlar ittifaqı orqanlarından hüquqi, iqtisadi, əməyin mühafizəsi və sosial sığorta məsələlərinə dair pulsuz məsləhətlər, maddi yardım almaq;
•    seçkili həmkarlar ittifaqı orqanlarında işlədiyi müddətdə əmək kollektivi üzvlərinə kollektiv müqaviləyə əsasən verilən hüquq və güzəştlərdən istifadə etmək;
•    üzvü olduğu təşkilatın fəaliyyətində, o cümlədən qərarların hazırlanması, müzakirə olunması və qəbul edilməsində, onların icrasına və həmkarlar komitəsinin işinə nəzarətin həyata keçirilməsində iştirak etmək;
•    seçkili orqanlara namizədlər, o cümlədən öz namizədliyini irəli sürmək, seçmək və seçilmək, həmkarlar ittifaqı təşkilatlarının konfrans və qurultayına nümayəndə seçilmək, irəli sürülmüş namizədlərin xeyrinə təbliğat işi aparmaq;
•    həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə dair bütün məsələləri yığıncaqlarda, konfranslarda, həmkarlar ittifaqı komitələrinin iclaslarında, mətbuat və digər kütləvi informasiya vasitələrində azad müzakirə etmək, təkliflər, alternativ layihələr irəli sürmək, öz rəyini azad söyləmək və müdafiə etmək, hər hansı həmkarlar ittifaqı orqanının  ünvanına və vəzifəsindən asılı olmayaraq hər hansı həmkarlar ittifaqı üzvünün ünvanına tənqidlə çıxış etmək;
•    onun fəaliyyəti və davranışı müzakirə olunan iclaslarda şəxsən iştirak etmək;
•    hər hansı həmkarlar ittifaqı orqanına müraciət etmək və öz müraciətinin mahiyyəti üzrə cavab tələb etmək, həmkarlar ittifaqı təşkilatlarının, rəhbər həmkarlar ittifaqı orqanlarının işi haqqında məlumat almaq.
6.8. Üzvlərin aşağıdakı vəzifələri vardır:
•    müvafiq həmkarlar ittifaqı təşkilatının fəaliyyətində iştirak etmək, nizamnaməyə əməl etmək, həmkarlar ittifaqı təşkilatının və seçkili  həmkarlar ittifaqı orqanlarının qərar və tapşırıqlarını yerinə yetirmək, hər ay müəyyən olunmuş qaydada üzvlük haqqını ödəmək;
•    həmkarlar ittifaqının nüfuzunu qorumaq, həmkarlar ittifaqına zərər gətirən, nizamnamə tələblərinə zidd olan hərəkətlərə yol verməmək, iş yoldaşları ilə hörmətlə davranmaq, qanuni hüquqları sahibkarlar, işəgötürənlər, idarəetmə orqanları tərəfindən pozulan həmkarları ilə həmrəy olmaq;
•    kollektiv müqavilələrin, razılaşmaların, daxili əmək intizamı qaydalarının tələblərinə əməl etmək.
6.9.  Həmkarlar ittifaqının işində fəal iştirakına, əməkdə uğurlarına görə üzvlər müvafiq həmkarlar ittifaqı orqanı tərəfindən mənəvi və maddi həvəsləndirilə bilər, həmçinin təltif olunma və fəxri adların verilməsi üçün təqdim edilə bilər.
6.10.   Nizamnamə tələblərini yerinə yetirmədiyinə, həmkarlar   ittifaqının  parçalanmasına yönəldilmiş, həmkarlar ittifaqına zərər gətirən fəaliyyətinə görə üzvlərə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: xəbərdarlıq, töhmət, həmkarlar ittifaqından xaric edilmə.                                                                                                     
6.11. İntizam tənbehlərinin tətbiq edilməsi barədə qərarı ilk həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağı (konfrans) qəbul edir. Ümumi yığıncaqda (konfransda) və ya seçkili orqanın iclasında iştirak edənlərin yarıdan çoxu lehinə səs verdikdə və  yetərsay olduqda, qərar qəbul edilmiş hesab edilir.
6.12. Üzvlükdən xaric edilmə və ya digər intizam tədbiri tətbiq edilməsi barədə qərar onun iştirakı ilə qəbul edilir. Üzv ümumi yığıncaqda (konfransda) və ya seçkili orqanın iclasında iştirak etməkdən üzürsüz səbəbdən imtina etdikdə məsələyə onun iştirakı olmadan baxıla bilər.
6.13. Üzvlükdən xaric olunan şəxs iki ay ərzində həmin qərar barədə yuxarı həmkarlar ittifaqı orqanlarına şikayət edə bilər. Ərizə qəbul edilən gündən 1 aydan gec olmayaraq həmkarlar ittifaqı orqanı tərəfindən baxılmalıdır. Yuxarı həmkarlar ittifaqı orqanı tənbeh, həmkarlar ittifaqından xaric olunma haqqında qərarı ləğv edə və ya qüvvədə saxlaya bilər.
6.14. Üzvlükdən xaric olunmuş şəxs həmkarlar ittifaqının üzvlüyünə ümumi əsaslarla yenidən qəbul edilə bilər.
6.15. İttifaqın seçkili orqanının üzvünün intizam məsuliyyətinə cəlb edilməsinə  onun üzv olduğu seçkili orqanın iclasında və yaxud yuxarı həmkarlar ittifaqı orqanında baxılır. Qəbul edilmiş qərar barədə ilk həmkarlar ittifaqı təşkilatına məlumat verilir.
6.16. İttifaqdan çıxmış və ya xaric edilmiş şəxs həmkarlar ittifaqı tərəfindən müdafiə hüququnu, həmkarlar ittifaqının mülkiyyətindən və imtiyazlarından istifadə etmək hüquqlarını itirir. Ödənilmiş üzvlük haqlarının məbləği ona geri qaytarılmır.

VII. İLK HƏMKARLAR İTTİFAQI TƏŞKİLATLARI

7.1. Həmkarlar ittifaqının  əsası ilk təşkilatlardır. İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, təşkilatda işləyən və ya tədris  müəssisəsində  təhsil alan  ən azı 7 nəfərdən ibarət təşkil edilir.
7.2. İlk həmkarlar ittifaqı təşkilatının yaradılması barədə məsələ həmkarlar ittifaqı üzvlərinin ümumi yığıncağında həll edilir. Ümumi yığıncaqda həmkarlar ittifaqı komitəsi (həmkarlar ittifaqı təşkilatçısı) seçilir və qeydiyyata götürülmək üçün müvafiq həmkarlar ittifaqı orqanına təqdim olunur.
7.3. İlk həmkarlar ittifaqı təşkilatları öz təşkilat quruluşlarını bu Nizamnaməyə əsasən həll edir, fəaliyyət istiqamətlərini müəyyənləşdirir, yığılan üzvlük haqlarını ərazi həmkarlar ittifaqı tərəfindən təsdiq olunmuş smeta üzrə xərclənməsini təmin edirlər.
7.4. İlk həmkarlar ittifaqı təşkilatının ali orqanı yığıncaqdır (konfransdır).
7.5.Yığıncağın nümayəndələrinin səlahiyyət müddəti həmkarlar ittifaqı komitələrinin seçilməsi    müddəti    ilə     eynidir.   Seçkili  orqanlar  öz   müvafiq   iclaslarında    təşkilatın
yığıncaqlarının (konfranslarının) keçirilməsi qaydalarını təsdiq edir və bu yığıncaqlar (konfranslar) beş ildə iki dəfə keçirilir.
7.6. Cari işləri aparmaq üçün yığıncaqda (konfransda) aşağıdakılar seçilir:
•    fakültələrdə həmkarlar ittifaqı bürosu;
•    15 nəfərdən az həmkarlar ittifaqı üzvünü birləşdirən təşkilatlarda  həmkarlar ittifaqının təşkilatçısı;
•    ilk həmkarlar ittifaqı təşkilatındahəmkarlar ittifaqı komitəsi;
7.7. İlk həmkarlar ittifaqı təşkilatında komitə və ya təftiş komissiyası üzvünün geri çağırılması məsələsi yığıncaq iştirakçılarının üçdə iki hissəsinin səs çoxluğu ilə həll edilir. Həmkarlar ittifaqı komitəsi və təftiş komissiyasının konfransda seçilmiş üzvləri bu orqanların tərkibindən həmkarlar ittifaqı komitəsinin yığıncağında üçdə iki səs çoxluğu və  yığıncağın müəyyən etdiyi qaydada (açıq və ya gizli səsvermə yolu ilə) çıxarılır.
7.8. Ali və 300-dən artıq işçisi ittifaq üzvü olan orta ixtisas təhsili müəssisələrinin həmkarlar ittifaqı təşkilatları Respublika Komitəsinin xidmətinə daxildirlər.
7.9. İlk həmkarlar ittifaqı təşkilatlarının əsas vəzifəsi üzvlərin qanuni hüquq və mənafelərini müdafiə etməkdən ibarətdir ki, bu da kollektivə aid bütün məsələlərin aşkarlıqla fəal müzakirəsi, qərarların işlənib hazırlanması və onların yerinə yetirilməsi yolu ilə həyata keçirilir.
7.10. Həmkarlar ittifaqı komitəsi:
7.10.1. Üzvlərin qanuni hüquq və mənafeyini müdafiə edir, hüquq və sosial məsələlərin həlli üzərində ictimai nəzarəti təşkil edir, müdiriyyət və digər ictimai təşkilatlarla qarşılıqlı əlaqə yaradır;
7.10.2.Yuxarı ittifaq orqanlarına öz namizədlərini irəli sürür;
7.10.3. Əmək kollektivləri adından müdiriyyətlə kollektiv müqavilə və saziş bağlayır, müdiriyyət tərəfindən həmin kollektiv müqavilə və sazişin yerinə yetirilməsinə nəzarət edir;
7.10.4. Əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir;
7.10.5. Barışdırıcı komissiyanın təşkilində və işində iştirak edir, kütləvi etirazlar təşkil edir;
7.10.6. Müdiriyyətlə birlikdə sosial inkişaf, əməyin təşkili, əməyin mühafizəsi, əmək haqqı və oxuyan gənclərin təqaüdlə təminatı məsələləri barədə qərar qəbul edilməsində iştirak edir;
7.10.7. Üzvlərinin sosial müdafiəsinin təmin olunmasına nəzarət edir, onları həmkarlar ittifaqının sağlamlıq ocaqlarına, sanatoriya-kurort müalicəsinə və istirahətə göndərir, üzvlərə göstərilən tibbi xidmətin təşkilini yoxlayır;
7.10.8. Üzvlərlə tərbiyə, mədəni-kütləvi sahədə iş aparır, bədii özfəaliyyət və texniki yaradıcılığı, bədən tərbiyəsini, idmanı və turizmi inkişaf etdirir;
7.10.9. Yığıncağın (konfransın) qəbul etdiyi qərarların yerinə yetirilməsini təşkil edir, həmkarlar ittifaqı üzvlərini fəal ictimai işə cəlb edir, müvəqqəti komissiyalar təşkil edir;
7.10.10. Yuxarı orqanlara hesabat verir.

VIII. ƏRAZİ (RAYON, ŞƏHƏR) HƏMKARLAR İTTİFAQI TƏŞKİLATLARI

8.1. Ərazi həmkarlar ittifaqı təşkilatlarının  ali orqanı onların beş ildə bir dəfədən az olmayaraq çağırılan  rayon, şəhər həmkarlar ittifaqı konfransıdır. Konfransın çağırılması, gündəliyi, nümayəndəlik norması və seçilməsi qaydaları haqqında qərar müvafiq həmkarlar ittifaqı komitəsi tərəfindən qəbul olunur.
8.2. Ali və orta ixtisas təhsil müəssisələrinin həmkarlar ittifaqı komitələrinin ali orqanı 5 ildə bir dəfədən az olmayaraq çağırılan konfransıdır.
8.3. Ərazi (rayon, şəhər) həmkarlar ittifaqı təşkilatları öz təşkilat quruluşlarını bu Nizamnaməyə əsasən həll edir, fəaliyyət istiqamətlərini müəyyənləşdirir, yığılan üzvlük haqlarını Respublika Komitəsi tərəfindən təsdiq olunmuş smeta üzrə xərclənməsini təmin edirlər.
8.4. Konfrans ərazi həmkarlar ittifaqı təşkilatının və təftiş komissiyasının işi haqqında hesabatı  dinləyir, ərazi həmkarlar ittifaqı Komitəsini (Məclisini), onun sədrini, təftiş komissiyasını seçir və yuxarı həmkarlar ittifaqı orqanının tərkibinə nümayəndəlik normasına uyğun olaraq öz nümayəndələrini seçir, eyni zamanda həmkarlar ittifaqı rayon, şəhər təşkilatlarının fəaliyyəti ilə bağlı digər  məsələləri müzakirə edir. Konfrans nümayəndələrinin səlahiyyəti seçkili orqanın səlahiyyət müddətində saxlanılır.
8.5. Ərazi həmkarlar ittifaqı təşkilatı sədrinin səlahiyyətlərinə xitam verilməsi, vaxtından əvvəl azad edilməsi haqqında qərar qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla (öz istəyindən başqa), o cümlədən onun tərəfindən həmkarlar ittifaqı təşkilatı haqqında əsasnamə, yuxarı həmkarlar ittifaqı orqanlarının qərarları pozulduqda həmkarlar ittifaqı üzvlərinin üçdə ikisinin və ya yuxarı həmkarlar ittifaqı orqanının tələbi ilə həmkarlar ittifaqı komitəsi tərəfindən çağırılan növbədənkənar konfransda qəbul edilir.
8.6. Ərazi həmkarlar ittifaqı təşkilatının sədrinin öz istəyi ilə vəzifəsindən azad edilməsi haqqında qərarı həmkarlar ittifaqı komitəsi (Məclisi) tərəfindən qəbul olunur. Bu halda ərazi təşkilatının sədri  konfrans  keçirilən müddətə qədər komitənin (Məclisin) iclasında seçilir.
8.7. Ərazi  həmkarlar ittifaqı komitələrində müvafiq müəssisə və başqa təşkilatlarda həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərini təmsil və müdafiə etmək üçün müvafiq  komissiyalar yaradılır.
8.8. Ərazi həmkarlar ittifaqı  komitəsi:
8.8.1. İlk həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə metodiki, eyni zamanda onların hüquq və mənafelərini həyata keçirməyə köməklik göstərir;
8.8.2. Müvafiq işəgötürənlərlə sosial-iqtisadi inkişaf və əməyin mühafizəsi üzrə kollektiv müqavilə (saziş) bağlayır, onların yerinə yetirilməsinə nəzarət edir.
8.8.3. İcra  hakimiyyəti və təhsil sahəsini idarə edən orqanlarla işçilərin  və tələbələrin hüquqlarının müdafiələri, əməyin təşkili və mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması məsələlərinin həllində qarşılıqlı fəaliyyət göstərir.
8.8.4.    Sosial problemlərin həlli  üçün tədbirlər görür.
8.8.5. Həmkarlar ittifaqı üzvlərinin sağlamlığının mühafizəsi  işini təşkil edir.
8.8.6. Büdcənin xərclənməsini, həmkarlar ittifaqı əmlakı və digər vəsaitlərindən düzgün və səmərəli  istifadə olunmasını təmin edir.
8.8.7. Komitələr  öz fəaliyyətləri barədə yuxarı həmkarlar ittifaqı orqanına hesabat verirlər.
8.9. Cari işlərin operativ yerinə yetirilməsinə, nizamnamədən irəli gələn vəzifələrin həyata keçirilməsinə nail olmaq üçün ərazi həmkarlar ittifaqı Komitəsi (Məclisi)  sədr müavini və üzvlərdən ibarət Rəyasət Heyətini seçir, komissiya və işçi qruplar yaradır. Ərazi həmkarlar ittifaqı Komitələrinin (Məclislərinin) iclasları altı ayda, Rəyasət Heyətlərinin iclasları isə ayda bir dəfədən az olmayaraq çağırılır və üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.


IX. İTTİFAQIN ALİ ORQANLARI

9.1. İttifaqın ali orqanı  5 ildə bir dəfə çağırılan (konfrans) qurultaydır. Qurultaylararası dövrdə həmkarlar ittifaqının ali orqanı Respublika Komitəsidir. Qurultayın çağırılması və gündəliyi qurultaydan 90 gün əvvəl elan olunur. Qurultaya nümayəndəlik norması və nümayəndələrin seçilməsi qaydası Respublika Komitəsi tərəfindən müəyyən olunur. Qurultay nümayəndələrinin səlahiyyəti seçilmiş həmkarlar ittifaqı orqanının səlahiyyəti müddətində saxlanılır. Seçilmiş orqan  üzvlərinin üçdə bir hissəsi tələb etdikdə növbədənkənar qurultay (konfrans) çağırılır və onun gündəliyi, keçirilməsi haqqında qərar ən azı  30 gün əvvəl elan olunur.
9.2. Qurultay:
•    İttifaqın Respublika Komitəsinin və Təftiş komissiyasının hesabatlarını dinləyir,  növbəti və ümumi vəzifələri müəyyənləşdirir;
•    İttifaqın nizamnaməsini qəbul edir, ona dəyişikliklər və əlavələr edir;
•    İttifaqın Respublika Komitəsinin sədrini və Təftiş komissiyasını seçir;
•    Respublika Komitəsinin və Təftiş komissiyasının səlahiyyətlərini təsdiq edir;
•    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayına, məclisinə və digər beynəlxalq qurumlara nümayəndələr seçir.
9.3. İttifaqın Respublika Komitəsi:
•    Həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində üstünlük verilən sahələri müəyyənləşdirir, ərazi həmkarlar ittifaqı komitələrinin fəaliyyətini  həmin sahəyə yönəldir;              
•    Həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin müdafiəsini həyata keçirir;
•    Üzvlərinin mənafeyini nəzərə alaraq başqa həmkarlar ittifaqı komitələri ilə əlaqə yaradır;
•    sahə (tarif) kollektiv sazişi bağlayır.
•    İttifaq üzvlərinin əmək, sosial-iqtisadi, hüquq və mənafelərinin müdafiəsi sahəsindəki fəaliyyəti haqqında ərazi həmkarlar ittifaqı komitələrinin və ilk həmkarlar ittifaqı təşkilatlarının hesabatlarını dinləyir. Lazım gəldikdə müvafiq həmkarlar ittifaqı təşkilatı qarşısında vaxtından əvvəl hesabat-seçki konfranslarının keçirilməsi məsələsini qaldırır;
•    İttifaqa təhkim edilmiş əməyin texniki, sağlamlığın mühafizəsi və hüquq müfəttişliklərinin fəaliyyətinə rəhbərlik edir;
•    kütləvi  etiraz tədbirləri keçirilməsi barədə  qərar qəbul edir;
•    əmək münaqişəsi baş verdikdə öz nümayəndəsini razılaşdırma komissiyasına göndərir;
•    Həmkarlar ittifaqı təşkilatlarının qabaqcıl təcrübəsini öyrənir, ümumiləşdirir və yayır, həmkarlar ittifaqı kadrlarını və fəallarını təlimatlandırır və təhsilini təşkil edir.
9.4. İttifaqın Respublika Komitəsi sədrin müavinlərini seçir.
9.5. İttifaqın Respublika Komitəsi təşkilati məsələləri həll etmək və Məclislərarası dövrədə işə rəhbərlik etmək üçün sədr və Rəyasət Heyəti üzvlərini seçir, səsvermənin qaydasını müəyyənləşdirir.
9.6. İttifaqın Respublika Komitəsi qurultay (konfrans) qarşısında, Respublika Komitəsinin üzvləri isə onları seçmiş və ya birbaşa göndərmiş təşkilat qarşısında hesabat verirlər.

X. İTTİFAQIN VƏSAİTİ VƏ ƏMLAKI
 
10.1. İttifaqın vəsaiti həmkarlar ittifaqına daxil olma və aylıq üzvlük haqqından, təsərrüfat  hesabı ilə işləyən mədəni-maarif, idman müəssisələrindən və fəaliyyətin digər növlərindən, başqa mənbələrdən daxil olan vəsaitdən ibarətdir.
10.2. Həmkarlar ittifaqının üzvlüyünə ilk dəfə daxil olanlar aldıqları əmək haqqının, təqaüdün bir faizi miqdarında birdəfəlik üzvlük  haqqı verirlər.
10.3. Aylıq üzvlük haqqı aylıq əmək haqqı, təqaüd və əlavə hesablanmış qazancların, maddi yardımın, mükafatın və digər gəlirlərin iki faizi miqdarında müəyyən olunur.
10.4. Həmkarlar ittifaqının üzvü olub işləməyən pensiyaçılar, uşaqlarının tərbiyəsi ilə əlaqədar  analıq məzuniyyətində olan qadınlar və təqaüd almayan tələbələr ayda minimum əmək haqqının 0,5 faizi miqdarında üzvlük haqqı verirlər.
10.5. İttifaq üzvlük haqlarından və başqa mənbələrdən əldə edilən vəsaiti mədəni idman obyektlərinin saxlanılmasına, habelə bədən tərbiyəsi və idman tədbirlərinə, ittifaq üzvlərinə maddi yardım göstərilməsinə, işçilərin və fəalların mükafatlandırılmasına, işçilərə əmək haqqı verilməsinə və ittifaqın müvafiq orqanları tərəfindən təsdiq olunmuş smeta üzrə başqa tədbirlərə xərclənir.
10.6. İttifaqın müəssisələri, təşkilatları büdcə ilə qarşılıqlı əlaqələri qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirir.
10.7. Üzvlük haqqının və digər mənbələrdən daxil olmuş aylıq ümumi vəsaitin Respublika Komitəsinə ayrılma miqdarı aşağıdakı kimi müəyyən olunur:
•    ərazi həmkarlar ittifaqı  komitələri  30 faiz;
•    ali və orta ixtisas məktəbləri  30 faiz;
•    tələbə həmkarlar ittifaqı komitələri  10 faiz;
•    Respublika Komitəsinin xidmətinə daxil olan digər təşkilatlar və müəssisələr  30 faiz.
10.8. Üzvlük haqqının dəyişdirilməsi obyektiv şəraitdən asılı olaraq müstəsna hallarda Respublika Komitəsinin Məclisində baxılır.
10.9. İttifaqın pul vəsaiti və əmlakı barədə  sərəncam vermək hüququ  ittifaqın seçkili orqanlarına məxsusdur, onlar vəsait və əmlakdan səmərəli və düzgün istifadə olunması haqqında həmkarlar ittifaqı üzvləri qarşısında müntəzəm hesabat verirlər.
10.10. İttifaq müəssisə, təşkilat, idarə, cəmiyyət (onların payçıları ola bilər) yarada bilər, aksiya ala bilər, müxtəlif lazımi fondlar yarada bilər, eyni zamanda qanunvericiliyə zidd olmayan həmkarlar ittifaqının məqsəd və vəzifəsinə cavab verən (iqtisadi, xarici iqtisadi və s.) digər fəaliyyət növləri ilə məşğul ola bilərlər.
10.11. İttifaqın maliyyə ili 1 yanvar - 31 dekabrdır.

XI. İTTİFAQIN TƏFTİŞ KOMİSSİYASI

11.1. İttifaqın təftiş  komissiyası ittifaqın digər orqanları  ilə birlikdə qurultayda (konfransda) seçilir. Səlahiyyət müddəti onu seçən ittifaq orqanının səlahiyyət müddəti qədərdir. Təftiş komissiyası öz fəaliyyətində müstəqildir və o, yalnız onu seçən yığıncağa  və qurultaya  (konfransa) hesabat verir.
11.2. Təftiş komissiyası üzvləri müvafiq ittifaq orqanlarının iclaslarında məşvərətçi səslə iştirak edir.                                                                                                           
11.3. Təftiş komissiyası ittifaqın büdcəsinin, sosial müdafiə fondundan ayrılan vəsaitin, eləcə də, ittifaqın əmlakından istifadə olunması üzərində nəzarəti həyata keçirir, uçot-hesabatın düzgün aparılmasına, habelə işçilərin və oxuyan gənclərin yazılı və şifahi sorğularına  vaxtında cavab verilməsinə nəzarəti təmin edir.
11.4.  Təftiş komissiyası ildə iki dəfədən az olmayaraq müvafiq həmkarlar ittifaqının maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır və ittifaq orqanlarına hesabat verir.                                                              
11.5. Təftiş komissiyası ilə seçkili ittifaq orqanı arasındakı fikir  ayrılığı Respublika  Komitəsinin Məclisində  və ya qurultayda həll olunur.


XII. İTTİFAQIN LƏĞVİ VƏ YENİDƏN TƏŞKİLİ

12.1. İttifaqın fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, ayrılma) və ləğv edilməsi yolları ilə xitam verilir. İttifaqın fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. İttifaqın ləğvi və yenidən təşkil edilməsi qurultay (konfrans) nümayəndələrinin üçdə iki səs çoxluğu ilə qəbul olunur.
12.2. İttifaqın fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan İttifaqın idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. İttifaqın ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. İttifaqın ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.


XIII. DİGƏR ŞƏRTLƏR

13.1.    Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
13.2.    Bu Nizamnaməyə əlavə və dəyişikliklər qurultayda (konfransda), müstəsna hallarda isə Məclisdə qəbul edilə bilər.
13.3.    Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo